Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıtda bayram konserti keçirilib

15 mart 2019 | 16:00

Sumqayıtın ictimai və mədəni həyatında yaxından iştirak edən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə xalqımızın ən əziz və ən sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində çoxsaylı neftçilər  ailəsinin – ”Azərikimya”nın, SOCAR-Polymer MMC-nin, SOCAR Karbamid zavodunun, “Azəriqaz” İB-nin Sumqayıt Qaz İdarəsinin və Sumqayıtda yaşayan digər əməkdaşlarının, eyni zamanda şəhər sakinlərinin asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili məqsədi ilə  “Kimyaçı” Mədəniyyət sarayında geniş konsert proqramı təşkil edilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, «Azərikimya» İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə və eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, şəhərdə həyata keçirilən və bu il həyata keçirilməsi planlaşdırılan layihələrə bağlı ətraflı məlumat verib.
Vurğulanıb ki, bu bayram konsertini ölkə başçısının böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin təntənəli şəkildə qeyd olunması, 2019-cu il respublikamızda “Nəsimi ili” elan edilməsi,  eyni zamanda Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqındakı Sərəncamına kimyaçıların ən gözəl töhfəsi adlandırmaq olar.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivinin iştirakı ilə ansamblın solistlərinin ifasında xalq və bəstəkar mahnıları, həmçinin milli rəqslər tamaşaçılar tərəfindən alqışlar və gül-çiçək dəstələri ilə qarşılanıb. Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin qəzəllərinin bədii qiraəti və bu qəzəllər üstündə ifa olunan muğamlar da dinləyicilərdə xoş ovqat yaradıb.
Tədbir boyu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sumqayıta səfərləri, şəhərə göstərdiyi diqqət və qayğı, aparılan abadlıq və quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, nəticə etibarilə Sumqayıtın gözəl bir şəhərə və regionun ən böyük sənaye mərkəzlərindən birinə çevrilməsi diqqətə çatdırılıb
Sonda ansamblın kollektivi dəvətə görə şəhər icra hakimiyyətinə və “Azərikimya” İstehsalat Birliyinə, isti və səmimi münasibətə, yüksək dinləmə mədəniyyətinə və alqışlara görə isə tamaşaçılara təşəkkür edib.

Keçidlər