Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Bulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülüb.

03 iyul 2017 | 16:00

İyulun 3-də İspaniyanın paytaxtı Madrid şəhərində “Global Trade Leaders Club”un 24-cü Beynəlxalq üstünlük və liderlik forumu keçirilib. Forumda xüsusi seçimlə öz sahəsinin lideri olan 20 dünya öncülünə “İnternational Award for Excellence & Lidership” mükafatı təqdim edilib. Azərbaycan təmsilçisi – Sumqayıt Bulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülüb. Madridin “Meliya Kastiliya” otelinin konfrans salonunda mükafatları təsisatın baş katibi Rikardo Lopes təqdim edib.
Mükafatı qəbul etmək üçün Madriddə səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov  dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri – “Global Trade Leaders Club” tərəfindən 2016-cı ilin yekunlarına görə konsaltinq məlumatları, internet və münsiflər səsverməsi ilə Avropa, Asiya, Amerika və Afrika ölkələrindən İKT, qida sənayesi, məişət avadanlığı, nəqliyyat və logistika, inşaat, memarlıq və şəhərsalma, mebel, tibbi müayinə və farmaseptika, istirahət və əyləncənin təşkili və s. sahələr üzrə fərqlənən müəssisələrə müxtəlif nominasiyalarda qızıl, gümüş və bürünc mükafatlar, həmçinin fəxri diplomlar təqdim olunub.
Mərasimə İspaniyanın hökumət nümayəndələri, müxtəlif ölkələrin səfirlik və konsulluq əməkdaşları, dünyanın tanınmış biznes strukturlarının rəhbərləri qatılıb.
Sumqayıt Bulvarının təqdimatı zamanı cəmi 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduğu, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Sumqayıt şəhəri və xüsusilə də bulvarı barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır. Qeyd edilib ki, Sumqayıt son illər müasir layihələr əsasında yenidən qurulur və regionun gözəl turizm məkanlarından birinə çevrilməkdədir.
Qeyd edək ki, mükafatçılar sırasında Fransanın “Avebe France”, Yunanıstanın “Epexyl”, Portuqaliyanın “Jnelson Abreu”, Braziliyanın “Santa Lucia S/A”, Malayziyanın “Mutiara Teknologi Sdn”, Qananın “Ecobank group”, Türkiyənin “Gazdaş GDGD” kimi məşhur müəssisələri də yer alıb.

Keçidlər