Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 15 may – Beynəlxalq Ailə Gününə həsr edilmiş konfrans keçirilib

15 may 2017 | 16:00

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində 15 may – Beynəlxalq Ailə Gününə həsr edilən “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans keçirilib. Konfrans Sumqayıt Şəhər İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, görkəmli ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans dörd mövzu – “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr”, “Ailənin funksiyaları: iqtisadi faktorlar”, “Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri”, “İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər” panel iclaslarında müzakirələrlə başlayıb.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin önündəki abidəsi ziyarət olunub, gül dəstələri düzülüb.
Daha sonra konfrans iştirakçıları və qonaqlar Sumqayıtda yaşayan müxtəlif millətləri təmsil edən ailələrin həyat tərzini, milli adət-ənənələrini əks etdirən fotostendlər və sərgi ilə tanış olublar.
Plenar iclas Mərkəzin akt zalında dövlət-ailə siyasətini əks etdirən filmin nümayişi ilə başlayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov konfrans iştirakçılarını və qonaqları salamlayaraq, Beynəlxalq Ailə Gününün planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltdiyini vurğulayıb. O, ölkəmizdə müstəqillik illərində formalaşan dövlət-ailə siyasətinin əsas prinsiplərinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Z.Fərəcov Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərdiklərini diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinin də ailə siyasəti təşkil etdiyini, komitə tərəfindən dövlət-ailə siyasətinin dəstəklənməsi istiqamətində mütəmadi tədbirlər keçirildiyini qeyd edib. Komitə sədri bildirib ki, konfransın keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir.
Konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Qulam İsakzai, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Milli Televiziya və Radio Şurası sədrinin müavini, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış ediblər.
Sonra üç gənc cütlüyün nikah mərasimi keçirilib. Onlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.Tədbirdə bu il ali məktəbə qəbul zamanı 700 bal toplayan sumqayıtlı abituriyent Eldar Əfəndiyev də mükafatlandırılıb.
Sonda komitə ilə fəal əməkdaşlıq edən KİV nümayəndələri mükafatlandırılıb.Tədbir musiqi proqramı ilə davam edib.

Keçidlər