Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Dövlət Dram Teatrında 48-ci teatr mövsümünün açılışı oldu.

22 noyabr 2016 | 16:00

    Noyabrın 22-si Sumqayıtın şəhər statusu almasının 67–ci ildönümüdür. Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı da məhz bu günə təsadüf edib. Bu münasibətlə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Sumqayıtda olub.
Nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
   Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yeni teatr mövsümünün açılışının şəhərin 67-ci ildönümü ilə üst-üstə düşməsini xoş bir təsadüf adlandırıb. Z.Fərəcov ümummilli lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.
    Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev teatrsevənlərı təbrik edərək, Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. “Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyən nazir bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxunun bu sənət ocağının yetirmələri olduğunu xatırladıb. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirib. Nazir qeyd edib ki, Sumqayıt həm asudə vaxtın, həm mədəni həyatın təşkili baxımından turist marşrutuna salınacaq və burada turizm otelləri tikiləcək.
    Sonra bir qrup şəhər sakini və mədəniyyət işçisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları, habelə Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olunub. Əməkdar Artist Namis Şirməmmədov yaradılan şəraitə, yüksək qayğıya görə yaradıcı heyət adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
    Daha sonra M.F.Axundzadənin “Hacı Qara” tamaşası təqdim olunub.

Keçidlər