|
Qəsəbə ərazisində ilk yaşayış məskəni «Təkə qumu» deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pereküşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmir yolunun salınması ilə əlaqədar olaraq Kiçik Pereküşkül kəndinin yaxınlığında dəmir yol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası «Şollar» su kəmərinin çəkilişi ilə bağlıdır. Azərbaycanın görkəmli oğlu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə «Şollar» suyunun çəkilişinə başlanılmış və 1916-cı ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O, gündən etibarən qəsəbə «Nasoslu» adlandırılmışdır. Azərbaycan Respublikası yenidən müstəqillik qazandıqdan sonra 1991-ci ildən etibarən adı dəyişdirilərək Hacı Zeynalabdin qəsəbəsi adlandırılmışdır. Hacı Zeynalabdin qəsəbəsi Bakı şəhərindən 40 km şimalda Xəzər dənizi və Kiçik Qafqaz dağları ilə əhatə olunan düzənlikdə yerləşir. Iqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3,1 0C, avqustda 24,9 0C-dir. Havanın ən aşağı temperaturu -13 0C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40 0C avqust ayında qeydə alınıb. Illik yağıntının miqdarı 185 mm-dir. Qəsəbə üçün şimal küləyi - xəzri və cənub küləyi – giləvar xarakterlidir. 2007-ci ilin aprelin 1-i vəziyyətinə Hacı Zeynalabdin qəsəbəsinin əhalisi 19,5 min nəfərdir. Əhalinin ümumi sayının 9,6 min nəfərini (49%) kişilər, 9,9 min nəfərini (51%) isə qadınlar təşkil edir. Qəsəbə əhalisinin 98,0%-ni azərbaycanlılar, 2,0%-ni isə digər millətlərin nümayəndələri təşkil edir. H.Zeynalabdin qəsəbəsində beton qatqılar üçün bərkidicilər istehsal edən «BASF Kaspian YKS» MMC, yüngül sənaye məhsulları istehsal edən «Cavid» və «Nigar» firmaları fəaliyyət göstərir. Qəsəbədə 4 orta məktəb, 5 uşaq bağçası, incəsənət məktəbi, mədəniyyət evi, xəstəxana, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərir. Qəsəbədə Zeynalabdin Tağıyevin şəxsən özü tikdirdiyi nasos qurğuları, «Şəhidlər» kompleksi, Ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi şərəfinə yaradılmış «Heydər bulağı», qəsəbə məscidi, H.Zeynalabdin Tağıyevin büstü və Dədə Qorqudun monumenti («Kitabi Dədə Qorqud» dastanının 1300 iliyinə həsr olunur) kimi abidələr vardır.
|