ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Şəhərin ekoloji vəziyyəti

Şəhərin ekoloji vəziyyəti

Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik boyunca düzənlik sahədə yerləşmişdir. İnzibati rayonunun ərazisi 9495 hektar təşkil edir ki, bunun da 3207 hektarı sənaye zonası, 2970 hektarı yaşayış zonası, 805 hektarı bağ təsərrüfatı, 946,9 hektarı yaşıllıq sahəsi, 535 hektarı fərdi torpaq sahələri, 623,1 hektarı isə digər torpaq sahələridir. (bataqlıqlar, gölməçələr və s.)

Ərazinin relyefi sakitdir, torpaq suları üfiqi səthdən 1,2-2,0 metr dərinlikdə səviyyələnib. Torpağı boz rəngdədir, əsasən qumsal və şoran tiplidir. Torpağın hesabi müqaviməti 0,15 + 0,18 Mpa təşkil edir. Torpaq I tip çöküntülərə aiddir. Kimyəvi tərkibinə görə torpaq suları bütün növ betonlara nəzərən sulfat aqressivliyinə malikdir.

Rayonun ərazisi iqlim şəraitinə görə rayon bölgüsündə TN və Q(SNIP) 02.01.82-ci il tarixli «Tikinti klimatologiyası və geofizikası»na müvafiq olaraq I və IV «B» hidrorayonuna aiddir. Quraqlıq və yarımsəhra iqlim zonasında yerləşən rayonda illik yağıntının miqdarı az, günəşli günlərin sayı çox olur. Güclü küləklər ilin bütün fəsillərində şimal («Xəzri») və cənub («Gilavar») istiqamətlərində əsirlər. Küləkli günlərin sayı ildə 200-dən çox olur və küləyin sürəti adətən 5m/san arasında dəyişilir, bəzi günlərdə isə küləyin sürəti 20 m/san-dən çox olur. Havanın ən aşağı temperaturu – 13 o S yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə + 40 o S avqust ayında qeydə alınmışdır. Yay fəsli dövründə torpağın  səth temperaturu + 60 o S qədər çatır. Yağıntılar əsasən payız-qış mövsümlərində olur. Yaz və yay ayları quraqlıq olur.

İnzibati rayonun ərazisində və ətrafında təbii su mənbələri Xəzər dənizindən və bir neçə kiçik göldən ibarətdir. Bu mənbələr şor sularıdır, içmək üçün yararlı deyildir. Bir qədər aralıda, Sumqayıt şəhərindən 5-10 km cənubi-qərbdə içməli su ehtiyatı olan süni  surətdə yaradılmış «Ceyranbatan Su Anbarı» hövzəsi yerləşir. İnzibati rayon ərazisindən keçən «Sumqayıt –çay»ın mənbə axarı ilin çox vaxtı susuzdur. Yalnız aprel-may aylarında güclü yağışlardan sonra «Sumqayıt-çay»da su olur. Çayın mənsəbindəki sular isə əsasən sənaye müəssisələrinin «şərti təmiz» adlı sularından formalaşır. Mənsəbdə suyun həcminin müntəzəmliyi və çoxluğu bununla izah olunur. Sumqayıt şəhərinin cənub qurtaracağından «Samur-Abşeron» kanalı keçir. Bu kanalın suyu ilə «Ceyranbatan Su Anbarı» hövzəsi vasitəsilə Bakı-Sumqayıt şəhərləri içməli su ilə təmin olunurlar. Eyni zamanda, «Şollar» su mənbəyindən şəhər ərazisində, əsasən məişətdə və qismən sənaye müəssisələrində istehsalatda istifadə edilir.

Rayon ərazisində təbii bitki örtüyü əsasən yarımsəhra xarakterli yovşan və bataqlıq otundan ibarətdir. Təbii meşə örtüyü sahələri və sanitar-qoruyucu meşə zolaqları yoxdur. Süni surətdə salınmış küçə yaşıllıqları, bağ və xiyabanlar, iri parklar, meşə zolağı vardır.

Sumqayıt şəhəri keçmiş və dünyanın ən gərgin ekoloji rayonlarından biri idi. Müəssisələrin yerləşdirilməsi, tikintisi, istismarı sahəsində planlaşdırmada nəzarətin təşkilində yol verilən çox saylı nöqsanlar bir sıra hallarda şəhərin dünyada analoqu olmayan ziyanlı texnologiyaların sınağı poliqonuna çevrilməsi ekoloji gərginliyi yaradan əsas səbəblərdən olmuşdur.

Şərti olaraq, Sumqayıtın Ekoloji həyatı tarixinin əsas üç mərhələsini qeyd etmək olar.

Birinci mərhələ müharibə illərindən 70-ci illərə qədərki dövrü əhatə edir. Bu dövrdə şəhərin sənaye infrastrukturu demək olar ki, tam formalaşdırılmışdı və indiki əksər iri müəssisələr artıq fəaliyyətə başlamışdı. Ancaq heç bir müəssisənin hətta layihəsində də mühiti mühafizə tədbirləri nəzərdə tutulmurdu. Yalnız istehsal naminə prinsipi ilə işləyən müəssisələrin bütün tullantıları heç bir dəyişiklik edilmədən ətraf mühitə tullanılırdı. Sonrakı mərhələ 70-90-cı illəri əhatə edir. Bu dövrdə Ekologiya mövzusu nəhayət ki, gündəmə gəldi. Respublika rəhbərliyinin ciddi səyləri, ittifaq orqanları qarşısındakı tələbləri ilə ekoloji tədbirlərin mərkəzləşmiş qaydada maliyyələşdirilməsi aparılmağa başlandı. Müəssisələrdə 180-a qədər qaz toz təmizləyicilər ümumi gücü 360 min m3/gün olan 23 lokal su təmizləyici qurğular, gücü 182 min m3/gün olan ümum şəhər su təmizləyici qurğusu, ümumi gücü gündə 2 min.m3 suya qənaət etməyə imkan verən və Respublika ən güclü su dövrü sistemləri tikilib istifadəyə verildi. Ildə miqdarı 300 min tondan çox olan 60 adda toksiki sənaye tullantılarından 170 min tonuna qədərinin təkrar istifadə texnologiyaları mənimsənildi. Lakin bu işlərlə yanaşı Sumqayıtda ittifaq qərarları ilə ekoloji ziyanlı sənaye obyektlərinin də intensiv və ekstensiv qaydada tikilib istifadəyə verilməsi, görülən ekoloji tədbirlərin səmərəsini bəzən azaldır və bəzən bu səmərəni ümumiyyətlə heçə yendirirdi. Bu səbəbdən bir sıra sahələr üzrə  ekoloji gərginlik qalmaqda davam edirdi.

Belə ki, heç bir müəssisədə bərk sənaye tullantıları anbarlaşdırma şəraiti olmadığından 5 min. tona qədər sənaye tullantıları əraziyə atılmışdı, ekstremal yüksək səviyyəli çirkab sular həcmi ildə 600 min m3-a çatırdı, şəhərin hətta yaşayış rayonu atmosferində bütün çirkləndiricilərin orta illik fon qatılığı  sanitar normalar həddini 5-10 dəfələrlə aşırdı, əhalinin sağlamlıq tərzi vaxtsız ölüm, xəstəlik göstəriciləri ittifaq rekordlarını müəyyən edirdi.

Yəni ekoloji baxımdan Respublikamızın müstəqilliyinin əvvəlinə keçmiş ittifaqın verdiyi «töhfələr» bu idi: - uzun illərdən yığılıb qalan və həllini tapmayan problemlər «buketi». İttifaqdan asılılıq Prinsipi ilə qurulan istehsal prosesləri də ittifaq dağıldığından sonra bir çox sahələrin fəaliyyətini imkansız etdi. Ermənilər tərəfindən cəlb olunduğumuz müharibə 10 minlərlə qaçqının şəhərə gəlməsilə sosial-ekoloji problemləri daha dərinləşdirdi, ekoloji tədbirlərin maliyyələşdirilməsi problemə çevrildi.

Qeyd etmək lazımdır ki, Respublikamızın müstəqilliyi dövründə (ekoloji həyatın üçüncü mərhələsi) xüsusən son illər Sumqayıt şəhərinin ekoloji problemlərinin həlli istiqamətində xeyli işlər işlər görülür.

Şəhərdə fəaliyyət göstərən Ekologiya təşkilatı tərəfindən «Sumqayıt şəhərində 2003-2010-cu illərdə icrası nəzərdə tutulmuş «ekoloji tədbirlər proqrammı» işlənib hazırlanmışdır. Proqram ümumşəhər əhəmiyyətli və sənaye müəssisələri üzrə olmaqla sayca 118 prioritet əhəmiyyətli kompleks tədbirlərin icrasını o cümlədən sənaye və məişət tullantıları ilə bağlı məsələlərin həllini əhatə edir. Bu kompleks ekoloji proqramın tərtibində şəhərin bütün müəssisə və təşkilatlarının iştirakı təmin edilmiş, hər bir konkret tədbirin icrasına konkret cavabdehlər müəyyənləşdirilmiş və şəhər Icra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Icra vəziyyəti daim nəzarətdədir. Məlum səbəblərlə bağlı bir sıra istehsal obyektlərinin işləməməsi və şəhərdə görülən proqram üzrə digər həyata keçirilən çoxsaylı tədbirlərlə bağlı ətraf mühitə ziyanlı müdaxilələr əvvəlki dövrlərlə müqayisədə 10 dəfələrlə azaldılmışdır. Əgər əvvəllər ildə dənizə ekstremal yüksək çirkli şəkildə 600 min m3 həcmdə çirkli sular axıdılırdısa indii bu rəqəm 2005-ci ilin yekununa görə 76,3 min m3 olmuşdur. Atmosferə tullantılar ildə 200 min tondan 31,9 min tona qədər azalmışdır. Heç bir çirkləndirici komponentin şəhər atmosferində fon qatılığı indi norma həddini aşmır. Bərk tullantılar miqdarı ildə 300 min tondan 3868 tona yenmişdir. Xüsusilə sənaye tullantılarının istifadəsi və onlardan xalq təbabəti mallar istehsalı geniş fürsət alıb. Hətta bu şəhərdə hamıya məlumdur ki, əvvəllər əraziyə atılmış tullantıların böyük əksəriyyəti yığılıb təkrar istifadəyə qaytarılmışdır.

Şəhərin ən ciddi və uzun müddət həllini tapmayan ekoloji problemlərdən biri SAM zavodu ərazisində 200 min tona qədər şlamın açıq duz anbarında saxlanması, köhnə elektroliz sexi ərazisində civə ilə çirkli sahənin olması və bu səbəbdən mühitin civə ilə çirklənməsi olmuşdur.

Ölkə prezidenti bu problemlə bağlı tədbirin icrasını maliyyələşdirmək məqsədilə Beynəlxalq Bank qarşısında məsələ qaldırmışdı və Beynəlxalq Bank Respublikada bir neçə vacib ekoloji tədbirin maliyyələşməsi – (Abşeron torpaqlarının neftdən təmizlənməsi Neftçalada Balıqartırma zavodun tikintisi) o cümlədən Sumqayıtda civəli tullantıların basdırılması üçün xüsusi poliqon tikintisinə 8,3 min dollar həcmində güzəştli kredit ayrılmışdır.

Artıq bu poliqonun tikintisi Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyi, rəhbərliyi ilə dünya standartları səviyyəsində baş çatdırılıb oraya rahat yol çəkib və civəli şlamın basdırılmasına başlanılmışdır. Lakin uzun illərdir ki, civə ilə çirklənmənin mənbəyi olan civə üsullu xlor istehsalatının civəsiz istehsal texnologiyasına keçirilməsi üçün «Azərikimya» Dövlət Şirkətinin apardığı işlər praktik nəticə verməmişdir.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI