|
Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyindəki klublar sırasında olan Əli Kərim adına Sumqayıt Şəhər Poeziya klubu öz fəaliyyətini bu gün də inamla davam etdirir. 1990-cı ilin yanvar ayının 1-dən fəaliyyətə başlayan Poeziya klubu şəhər XDS İcraiyyə Komitəsinin qərarı ilə 5-ci mkr-da, simvolik olaraq Səməd Vurğun və Cəfər Cabbarlı küçələrinin kəsişməsində onun üçün ayrılmış otaqlarda yerləşdirilmişdir. Klub 1992-ci ildən görkəmli Azərbaycan şairi Əli Kərimin adını daşıyır. 2002-ci ildən etibarən Əli Kərim adına Poeziya klubu H.Əliyev prospektindəki Sumqayıt Şəhərinin Tarixi Muzeyinin binasında yerləşir. Əli Kərim adına Poeziya klubu az bir vaxtda özünəməxsus ədəbi ənənələri olan şəhər ictimaiyyətini öz ətrafında birləşdirən mərkəzə çevrildi. Cəfər Cabbarlı adina mədəniyyət evində fəaliyyət göstərən və Sumqayıtın ədəbi gəncliyini təmsil edən “ Dəniz” ədəbi birliyi Poeziya klubunun nəzdində yenidən işıq üzü gördü. 1992-ci ildə “Gənclik” nəşriyyatında “Dəniz” ədəbi birliyinin sədri İbrahim İlyaslının və yazıçı Varisin tərtibatında ədəbi birlik üzvlərinin əsərlərindən ibarət “Sahilsiz dəniz” adlı ədəbi almanax nəşr olundu. Əli Kərim adına Poeziya klubu ilk gündən öz işlərini klubun fəaliyyət proqramına uyğun olaraq iki istiqamətdə - şəhərdə ədəbiyyatın təbliği və şəhər ədəbi ictimaiyyətinin problemlərinin həlli istiqamətlərində qurmuşdur. Ədəbiyyata yeni gələnlərin istiqamətləndirilməsi, peşəkar yazıçı və şairlərin əsərlərinin nəşrə hazırlanması məsələləri, yeni nəşr olunmuş kitabların müzakirəsi və təqdimat mərasimləri, ayrı-ayrı yazıçıların yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrin və yubiley tədbirlərinin təşkili klubun fəaliyyətində prioritet məsələlərdir. Klubda görülən işlər vaxtaşırı respublikanın müxtəlif kütləvi informasiya vasitələri ilə işıqlandırılır. Klub respublikanın ayrı-ayrı regionlarında fəaliyyət göstərən ədəbi qurumlarla əməkdaşlıq edir, birgə tədbirlər həyata keçirir. Hal-hazırda klubun nəzdində “Dəniz” ədəbi birliyi ilə yanaşı, yeni ədəbi yaradıcılığa başlayanlar üçün “Ocaq” ədəbi birliyi, şəhərdə yaşayan rus dilli yazıçıların “Muza” ədəbi mərkəzi fəaliyyət göstərir.
|