ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Parklar və istirahət bağları

Nəsimi adına Mədəniyyət və İstirahət parkı
1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac – Eldar və Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq ağacları və s. cərgələrə düzüldü. Yaşıllaşdırma yüksək ixtisaslı mütəxəssislərə - aqronomlara, bağbanlara həvalə edildi. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Elə həmin ildə V.Nəzirov və A.Quliyevin müəllifi olduğu “Sülh göyərçini” abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi.
1981-ci ildə “Yay estradası”nın açılışı, “Rəqs meydançası”nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir. Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin nümayişi, şair və yazıçılarla görüşlərin təşkili, əmək, ədəbiyyat və incəsənət günləri ilə əlaqədar keçirilən ənənəvi tədbirlərin əsas ünvanı məhz İ.Nəsimi adına mədəniyyət və istirahət parkıdır.
Ağır faciələrə sinə gərmiş, mətinləşmiş Sumqayıtın yüzlərlə şəhid balasının son məkanı, şəhər əhalisinin ziyarətgahına çevrilən “Şəhidlər xiyabanı” parkın şərq hissəsində yerləşir. 20 Yanvar şəhidlərinə həsr edilmiş abidə (1991-ci il) və “Ulduzlar” abidəsi (1999-cu il) sumqayıtlıları tarixi unutmamağa çağırır.
Yuxarıda qeyd olunan heykəltəraşlıq nümunələrinin müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirov, rəssam Aqil Quliyevlə birgə 07.10.2003-ci il tarixdə dahi Azərbaycan şairi İ.Nəsiminin abidəsi üçün Xəzərin sahili və yaşıllığa qərq olmuş parkın görkəmli mənzərəsinin ovuc içi kimi göründüyü yüksəklikdə ünvan seçdilər.
Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən parkın hal-hazırda ümumi sahəsi 80 hektardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, İ.Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

Heydər bağı
1999-cu ildə 9-cu mk/r-da boş bir ərazidə yeni bağ salındı – “Heydər bağı”. Getdikcə bu bağın ərazisi genişləndirildi – mexaniki atraksionların, uşaq yelləncəklərinin sayı artırıldı. Şəhər əhalisinin istirahət mərkəzinə çevrilmiş bağ 2003-cü ildən etibarən, “Heydər parkı” kimi tanınır və sevilir.

Lüdviqshafen parkı
1997-ci ildə Sumqayıt – Lüdviqshafen dostluq əlaqələrinin 20 illiyi münasibəti ilə 9-cu mk/r-da yeni park – “Lüdviqshafen” parkı yaradılmışdır. 2005-ci ildən etibarən Rusiyada yaşayan həmyerlimiz, iş adamı Qivami Əsgərovun şəxsi vəsaiti hesabına parkda yenidənqurma və abadlıq işlərinə başlanmışdır.

Lunapark
“Lunapark” tipli əyləncə və sağlamlıq mərkəzinə çevriləcək parkda xarici ölkələrdən gətirilmiş üç fəvvarə, yaşlı nəsil üçün istirahət guşələrinin tikintisinə başlanmışdır. Parkda tikinti işləri davam etməkdədir.

Bələdiyyə parkı
2003-cü il tarixdən parklar siyahısına yeni bir park daxil oldu. 1955-ci ildən “Şəhər bağı” kimi tanınan bağ Sumqayıt Şəhər Bələdiyyəsinin vəsaiti hesabına genişləndi, abadlaşdı və “Bələdiyyə parkı” kimi sumqayıtlıların xidmətində durdu.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI