|
Qara Qarayev adına Uşaq Musiqi Məktəbi Sumqayıtda ilk musiqi məktəbi – Q.Qarayev adına Uşaq Musiqi Məktəbi 1954-cü ildə yaradılmışdır. O illərdə məktəb 2 sinif otağından ibarət idi, iki şöbə üzrə fəaliyyət göstərən məktəbin illər keçdikcə imkanları genişlənmişdir. 1976-80-cı illərdə həmin məktəbin kollektivi Qafqaz Respublikaları arasında keçirilən müsabiqələrdə iştirak edərək fəxri fərmanlara layiq görülmüşdür. Bundan əlavə, kollektiv dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirlərdə fəal iştirak etmişdir. 1997-ci ildə məktəbə dahi bəstəkar Q.Qarayevin adı verilmişdir. Məktəbdə 8 ixtisas üzrə 6 şöbə fəaliyyət göstərir. Iki korpusdan ibarət olan musiqi məktəbində hal-hazırda 651 şagird müvafiq ixtisaslar üzrə 180 aparıcı müəllimdən dərs alır. Qocaman müəllimlərdən A.B.Məmmədova, E.M.Hüseynova, G.L.Bədirzadə, K.Ə.Səmədzadə, K.İ.Bəkirova və b. adını çəkmək olar. Məktəbin kollektivi mütəmadi olaraq müsabiqələrdə iştirak edir. “İstedad-2004” müsabiqəsində məktəbin şagirdləri yüksək fəallıq göstərmişlər. 2005-ci ilin aprel ayında Mədəniyyət Nazirliyi tərəfindən xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmanla təltif edilmişdir. Məktəbin məzunları – mestro Ceyhun, Kazbek Əliyev, bəstəkar Ceyhun Allahverdiyev və b. respublikanın tanınmış musiqiçiləri sırasındadır. Hal-hazırda musiqi məktəbinə İlham Məmmədov rəhbərlik edir. Bülbül adına Uşaq İncəsənət Məktəbi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyində 3 incəsənət məktəbi fəaliyyət göstərir ki, onlardan biri də Bülbül adına Uşaq İncəsənət Məktəbidir. 1971-ci ildən Sumqayıt şəhər 2 saylı musiqi məktəbi kimi fəaliyyətə başlayan məktəb 2 korpus, 44 sinif otağı, 360 yerlik konsert zalından ibarətdir. Bu illərdə şagirdlər fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet ixtisasları üzrə təhsil alırdılar. Rəsm, xoreoqrafiya şöbələri açıldıqdan sonra 1985-ci ildən Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Sumqayıt şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyətinin qərarı ilə məktəb Bülbülün adı ilə adlandırıldı. Məktəbin 35 illik fəaliyyəti ərzində şagirdləri respublika müsabiqələrində iştirak edərək diplomlara, fəxri fərmanlara layiq görülmüşdür. 1999-cu ildə musiqi və incəsənət məktəbləri şagirdləri arasında keçirilən Respublika Baxış müsabiqəsində Bülbül adına incəsənət məktəbinin şagirdləri Elvin Xasıyev və Xəyyam Tağıyev diplomlarla təltif olunmuşlar. 2001-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən gənc istedadların müsabiqəsində incəsənət məktəbinin xalq çalğı alətləri ansamblı müsabiqənin laureatı olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2002-ci ildə təşkil etdiyi “Uşaqların gözü ilə” adlı sərgidə məktəbin şagirdləri mükafat almışlar. 2004-cü ildə Respublika üzrə uşaq xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmana layiq görülmüşdür. 2005-ci ildə Çexiya Respublikasının Lides şəhərində dünya üzrə uşaqlar arasında keçirilən rəsm müsabiqəsində məktəbin şagirdi Orxan Həsənov fəxri fərmanla təltif olunmuşdur. Məktəbin məzunları müğənni-bəstəkar Elza Seyidcahan, bəstəkar Ceyhun və Vaqif Allahverdiyevlər respublika miqyasında tanınırlar. Səid Rüstəmov adına Musiqi Məktəbi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeçiliyində olan incəsənət məktəblərindən biri də 1976-cı ildən fəaliyyətdədir. 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məktəbə görkəmli bəstəkar Səid Rüstəmovun adı verilmişdir. Məktəbdə “Fortepiano”, “Xalq çalğı alətləri”, “Simli və nəfəsli alətlər”, “Azərbaycan qarmonu”, “Nəzəriyyə”, “Rəssamlıq” şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə 748 şagird təhsil alır. Bundan əlavə, incəsənət məktəbində müəllimlərdən ibarət Xalq Çalğı Alətləri ansamblı fəaliyyət göstərir. Məktəbin kollektivi dəfələrlə ümumşəhər, respublika miqyaslı tədbirlərdə iştirak etmiş, müsabiqələrdə layiqli yer tutmuşlar. İki binadan ibarət olan məktəbin ikinci binasında iki Qubadlı rayon məktəbi yerləşmişdir. Məktəb tərəfindən onlara hər cür yardım göstərilir. Əhməd Bakıxanov adına İncəsənət Məktəbi Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində 1936-cı ildə xüsusi layihə üzrə tikilmiş bina 1982-ci ilin sentyabrından incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 3 aprel 1992-ci il 16 saylı protokolu ilə məktəbə görkəmli Dövlət Xadimi, tarzən Ə. Bakıxanovun adı verilmişdir. Məktəbin 35 sinif otağı, kitabxanası, 150 nəfərlik konsert zalı var. Burada fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, nağara, rəsm ixtisasları üzrə 415 nəfər şagird təhsil alır. 84 nəfərdən ibarət müəllim kollektivi şagirdlərə musiqi sənətinin incəliklərini öyrədir. İncəsənət məktəbində müəllim və şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi fəaliyyət göstərir ki, onlar vaxtaşırı şəhər və qəsəbə tədbirlərində iştirak edir. Ötən ildə keçirilmiş “İstedad-2004” müsabiqəsində iştirak edən məktəbin şagirdlərindən Mustafayev Elşən qalib, Sadıqzadə Turanə isə diplomant elan olunmuşdur. Ə.Bakıxanov adına İncəsənət Məktəbinə hal-hazırda Vasif Heydərov rəhbərlik edir. Fikrət Əmirov adına Musiqi Məktəbi 1991-ci ildə Sumqayıtda fəaliyyət göstərən musiqi məktəbləri sırasına daha bir məktəb F.Əmirov adına musiqi məktəbi də qoşuldu. Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı “Ömrün musiqi yaşantıları” adlı kitab nəşr edilmişdir. Fəaliyyət göstərdiyi 15 il ərzində musiqi məktəbinin əldə etdiyi nailiyyətlər az olmamışdır. Belə ki, məktəbin şagird və müəllimlərindən ibarət Xalq Çalğı Alətləri ansamblı, xor kopellası şəhər tədbirlərində, konsertlərdə, müsabiqə-festivallarda məharətlə çıxış etmiş, diplomant və laureat adını qazanmışlar. Məktəbin şagirdləri Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi festivalda, “Lider” televiziyasının təşkil etdiyi “Gənc İstedadların Konsert Müsabiqəsi”ndə, Respublika Beynəlxalq Əməliyyat Mərkəzinin təşkil etdiyi Respublika Uşaq Muğam festivalında iştirak etmişlər. Söz sənəti üzrə Aypara Cabbarova və Əli Əliyev Respublika müsabiqələrinin diplomantı, Lalə Həsənova isə “İstedad-2000” musiqi müsabiqəsinin diplomuna layiq görülmüşlər. Xanəndəlik, muğam sinfinin şagirdləri M.Məmmədova və Ş.Kərəmova “İstedad-2003” müsabiqəsinin qalibləri olmuşlar. Ötən il məktəbin müəllimi Səbuhi Əliyev Əhsən Dadaşov adına Respublika müsabiqəsinin diplomuna layiq görülmüşdür. Hazırda məktəb pedaqoji və yaradıcılıq fəaliyyətini davam etdirir.
|