|
Yerli icra hakimiyyətləri haqqında Əsasnamə I. Ümumi müddəalar Maddə 1. Əsasnamənin məqsədi Bu Əsasnamə Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir. Maddə 2. Yerlərdə icra hakimiyyəti 1. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. İcra hakimiyyəti başçıları öz işlərinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyət daşıyırlar. 3. İcra hakimiyyəti rayonlarda, şəhərlərdə və şəhər rayonlarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təşkil edilir. Maddə 3. Yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətinin əsas prinsipləri Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı prinsiplərə əsasən həyata keçirilir: vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi; müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi; qanunçuluq; dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması; aşkarlıq və ictimai rəyin nəzərə alınması. II. Yerli İcra hakimiyyətləri başçılarının fəaliyyətinin təşkilati əsasları Maddə 4. Yerli icra hakimiyyətləri başçılarının fəaliyyət dairəsi 1. Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları əsasında icra fəaliyyətini həyata keçirir, vətəndaşların hüquq və azadlıqlarını, qanuni mənafelərini, müvafiq ərazinin iqtisadi, sosial və mədəni inkişafını, dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılmasını təmin edir. 2. Yerli icra hakimiyyətlərinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayırmalar hesabına maliyyələşdirilir. Maddə 5. Yerli icra hakimiyyətlərinin başçıları 1. Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyətlərinin başçıları müvafiq inzibati-ərazi vahidlərində icra hakimiyyətini həyata keçirirlər. 2. İcra hakimiyyətlərinin başçıları eyni zamanda heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. İcra hakimiyyəti başçısının ikili vətəndaşlığına, başqa dövlətlər qarşısında öhdəliyinə yol verilmir, habelə o, din xadimi ola bilməz. Maddə 6. Yerli icra hakimiyyətləri başçılarının hesabatı İcra hakimiyyəti başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına hesabat verir. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti başçıları öz fəaliyyətləri haqqında mütəmadi olaraq həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə hesabat verirlər. Maddə 7. Yerli icra hakimiyyətləri başçılarının vəzifələri 1. İcra hakimiyyətləri başçıları bilavasitə və ya müvafiq yerli icra hakimiyyəti orqanları vasitəsilə səlahiyyətləri daxilində müvafiq ərazinin sosial-iqtisadi məsələlərini həll edir, onların səlahiyyətlərinə bu Əsasnamə və Azərbaycan Respublikası Prezidenti tərəfindən aid edilən digər məsələləri həll edirlər. 2. İcra hakimiyyəti başçısı: 1) Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yerinə yetirir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin tapşırıqlarını yerinə yetirir; 2) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün tədbirlər görür; 3) bu Əsasnamədə nəzərdə tutulmuş qaydada öz aparatını təşkil edir, qanunvericiliklə müəyyən edilmiş qaydada şöbə, idarə və xidmətləri, müəssisə, idarə və təşkilatları yaradır və ləğv edir, tabeçiliyində olan orqan, idarə, müəssisə və təşkilatların rəhbərlərini qanunvericiliyə əsasən vəzifəyə təyin və vəzifədən azad edir, onların aktlarını qanunvericiliyə zidd olduqda ləğv edir; 4) yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı müvafiq dövlət orqanları, respublikanın və xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələr bağlayır; 5) müvafiq inzibati-ərazi vahidində müvafiq icra hakimiyyəti orqanları tərəfindən və tabeliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradır, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin edir və nəzarəti həyata keçirir, vətəndaşların qəbul olunmasını təşkil edir və nəzarəti həyata keçirir; vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır; 6) icra hakimiyyəti orqanlarında işçilərin yerləşdirilməsini, onların ixtisasının artırılmasını təşkil edir; 7) qanunvericiliyə əsasən icra hakimiyyəti başçısı aparatının işçilərinə münasibətdə həvəsləndirmə və intizam tədbirləri tətbiq edir; 8) seçkilərin, ümumxalq səsvermələrinin (referendumların) və müzakirələrin keçirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edir; 9) müvafiq icra hakimiyyəti orqanları qarşısında ərazinin inkişafına dair məsələlər qaldırır, təkliflər verir; 10) rayonu, şəhəri, şəhər rayonunu dövlət orqanları ilə münasibətlərdə, rəsmi protokol tədbirlərində təmsil edir; 11) icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar verilməsini təmin edir; 12) bu Əsasnamə ilə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirir. 3. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı bu maddənin 1-ci hissəsində göstərilən və bu Əsasnamə ilə müəyyən edilən digər vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri də həyata keçirir: 1) şəhər rayonlarının icra hakimiyyəti başçılarına rəhbərliyi həyata keçirir; şəhər rayonlarının icra hakimiyyəti başçılarının hesabatlarını dinləyir; 2) şəhərin iqtisadi, sosial inkişaf və ekoloji proqramlarının, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmaların layihəsinin və dövlət proqramlarının layihələrinin hazırlanması zamanı şəhər rayonlarının icra hakimiyyəti başçılarından müvafiq təkliflər alır; 3) şəhərin vahid inzibati ərazi kimi idarə edilməsində, ümumşəhər məsələlərinin səmərəli həll edilməsində, şəhərin sosial-iqtisadi inkişafında və səlahiyyətlərinə aid olan digər məsələlərin həllində vəhdəti təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirir; 4) şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edə bilər. Maddə 8. Yerli icra hakimiyyəti başçısının müavinləri 1. İcra hakimiyyəti başçısının müavinləri müvafiq icra hakimiyyəti başçısının apardığı vəzifə bölgüsünə əsasən rayonun, şəhərin və şəhər rayonunun ərazisində icra idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirir. İcra hakimiyyəti başçısı olmadıqda və ya öz səlahiyyətlərini icra etməyə iqtidarı olmadıqda vəzifə bölgüsünə əsasən onun müavinlərindən biri icra hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirir. 2. Rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti başçılarının müavinləri Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsi ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçıları tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Bakı şəhəri icra hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir 3. Bu Əsasnamənin 5-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş müddəalar icra hakimiyyəti başçısının müavininə də şamil edilir. Maddə 9. Yerli icra hakimiyyəti başçısı yanında Şura 1. İcra hakimiyyəti başçısı öz yanında rayonun, şəhərin və şəhər rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinin baxılması (müzakirəsi) və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə daimi məşvərətçi orqan olan Şura yaradır. Şuranın tərkibi 15 nəfərədək ola bilər. 2. İcra hakimiyyəti başçısı yanında Şuranın tərkibinə aşağıdakılar daxildir: icra hakimiyyəti başçısı, icra hakimiyyəti başçısının müavinləri, İcra hakimiyyəti başçısının mülahizəsinə əsasən icra hakimiyyəti başçısı aparatının, şöbə, idarə və digər xidmətlərinin rəhbərləri, rayonun və şəhərin ərazisində yerləşən idarələrin, təşkilatların və müəssisələrin rəhbərləri. 3. İcra hakimiyyəti başçısının yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarını icra hakimiyyəti başçısı, icra hakimiyyəti başçısı olmadıqda vəzifə bölgüsünə əsasən onu əvəz edən müavini çağırır və iclasa sədrlik edir. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokollarla rəsmiləşdirilir və tövsiyyə xarakteri daşıyır. Maddə 10. Yerli icra hakimiyyəti başçısının aparatı 1. İcra hakimiyyəti başçısının fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun aparatı yaradılır. İcra Hakimiyyəti başçısı təsdiq olunmuş icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırmaqla öz aparatının struktur bölmələrinin ştat vahidlərini bir bölmədən digərinə keçirə bilər. 2. Bu Əsasnamənin 5-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş müddəalar icra hakimiyyəti başçısının aparatının vəzifəli şəxslərinə də şamil edilir. İcra hakimiyyəti başçısı aparatının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir. Maddə 11. Yerli icra hakimiyyətinin şöbə, idarə və digər xidmətləri 1. İcra hakimiyyəti başçısı müvafiq ərazidə iqtisadi sosial-mədəni inkişaf məsələlərinin və onun səlahiyyətlərinə bu Əsasnamə ilə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən aid edilən digər məsələlərin həllini təmin etmək məqsədi ilə büdcədə nəzərdə tutulmuş xərclər dairəsində, habelə özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən hüquqi şəxs statusu olan şöbə, idarə və digər xidmətlərinin yaradılması barədə təkliflər verə bilər. Bu maddənin 1-ci hissəsinin birinci abzasında göstərilən şöbə, idarə və digər xidmətlər haqqında əsasnamələri yerli icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbəri təsdiq edir. İcra hakimiyyəti orqanının şöbə, idarə və digər xidmətləri ikili tabelikdə ola bilər, yəni həm müvafiq yerli icra hakimiyyəti orqanına, həm də Azərbaycan Respublikasının müvafiq nazirliklərinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına tabe ola bilər. Mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının rəhbərləri (Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və Baş Dövlət Vergi Müfəttişliyinin yerli bölmələrinin rəhbərləri istisna olmaqla) bu Əsasnaməyə 1 nömrəli Əlavəyə uyğun olaraq müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən yerli icra hakimiyyəti başçısının razılığına əsasən və ya yerli icra hakimiyyəti başçısı tərəfindən müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təyin edilirlər. Mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının rəhbərləri (Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinin yerli bölmələrinin rəhbərləri istisna olmaqla) bu Əsasnaməyə 1 nömrəli Əlavəyə uyğun olaraq təyin edilirlər 2. Bu Əsasnamənin 5-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş müddəalar icra hakimiyyəti orqanının şöbələrinin, idarələrinin və digər xidmətlərinin vəzifəli şəxslərinə də şamil edilir. 3. Yerli icra hakimiyyəti orqanının şöbələri, idarələri və digər xidmətləri Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayırmalar hesabına maliyyələşdirilir və ya özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərir. Maddə 12. Rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə yerli icra hakimiyyətinin həyata keçirilməsi Müvafiq rayonun, şəhərin və şəhər rayonunun ərazisində yerləşən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçısı müvafiq yerli icra hakimiyyətinin nümayəndəliyini təşkil edir. Maddə 13. Yerli icra hakimiyyətlərinin aktları 1. İcra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir. 2. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə müvafiq olaraq öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. Yerli icra hakimiyyəti orqanlarının normativ aktları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra özlərində başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir 3. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının aktlarını Azərbaycan Respublikasının Prezidenti ləğv edir. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti orqanlarının aktlarını həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi ləğv edə bilər. Bu Əsasnamənin 7-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində müəyyən edilmiş hallarda rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı şəhər rayonlarının icra hakimiyyəti orqanlarının aktlarını ləğv edə bilər. 4. Yerli icra hakimiyyəti orqanının səlahiyyətləri çərçivəsində qəbul edilmiş normativ xarakterli aktlar müvafiq ərazidə yerləşən hüquqi şəxslər və vətəndaşlar tərəfindən yerinə yetirilməlidir. Maddə 14. Yerli icra hakimiyyəti orqanlarının məsuliyyəti 1. Yerli icra hakimiyyəti başçıları, onların aparatlarının, şöbə, idarə və digər xidmətlərinin vəzifəli şəxsləri fəaliyyətlərinə və qəbul etdikləri qərarlara görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 2. Yerlərdə icra hakimiyyətinin vəzifəli şəxslərinin qərarları qanunvericiliyə zidd olduqda, vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozduqda onların qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Maddə 15. Yerli icra hakimiyyəti orqanlarının digər orqanlarla qarşılıqlı münasibətləri Yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları və bələdiyyə orqanları ilə qarşılıqlı fəaliyyətini təmin edir. III. Yerli İcra hakimiyyətinin fəaliyyətinin İqtİsadİ əsasları Maddə 16. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi əsasları Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi əsaslarını Azərbaycan Respublikası qanunvericiliyinə əsasən bu orqanların sərəncamına verilmiş yerli icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələbatlarının ödənilməsinə xidmət edən dövlət mülkiyyətində olan əmlak təşkil edir. Maddə 17. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibi 1. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir. 2. Yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər. Maddə 18. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində sərəncam verilməsi və onun idarə edilməsi 1. Müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2. Yerli icra hakimiyyəti başçısının: 1) məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək; 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır. 3. Dövlət əmlakı yerli icra hakimiyyətlərinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər. Maddə 19. Yerli icra hakimiyyətlərinin dövlət mülkiyyətinin tərkibinə daxil olmayan müəssisə, idarə və təşkilatlarla münasibətləri 1. Yerli icra hakimiyyətlərinin qeyri-dövlət müəssisə, idarə və təşkilatlarla münasibətləri müqavilə əsasında qurulur. 2. Yerli icra hakimiyyəti başçıları müvafiq ərazilərdə sahibkarlıq fəaliyyətinin inkişafına kömək göstərirlər. 3. Yerli icra hakimiyyəti başçıları müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında bütün müəssisələrin və təşkilatların iştirakını və qarşılıqlı əlaqəsini təmin edirlər, istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılması məqsədi ilə könüllülük əsasında fiziki və hüquqi şəxslərin vəsaitlərini cəlb edə bilərlər, həmin vəsaitləri yerli icra hakimiyyəti orqanlarının vəsaitləri ilə birləşdirə bilərlər. Maddə 20. Yerli icra hakimiyyətlərinin maddi-texniki təminatı 1. Yerli icra hakimiyyətlərinin, habelə onların tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların maddi-texniki təminatı müəyyən edilmiş qaydada birbaşa təsərrüfat əlaqələri, topdansatış və pərakəndə ticarət əsasında, habelə müəyyən edilmiş digər qaydada həyata keçirilir. 2. Ərazinin sosial-iqtisadi inkişafı üçün zəruri maddi resurslar yerli icra hakimiyyətlərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılır. Maddə 21. Yerli icra hakimiyyətlərinin xarici iqtisadi əlaqələrdə iştirakı Yerli icra hakimiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsində iştirak edə bilərlər. IV. Yerli İcra hakimiyyətlərinin fəaliyyətinin maliyyə əsasları Maddə 22. Yerli icra hakimiyyətlərinin maliyyə mənbələri Yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan və qeyri-büdcə vəsaitindən, alınan kreditlərdən və qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələrdən əldə edilmiş vəsaitdən ibarətdir. Maddə 23. Dövlət büdcəsindən ayırmalar 1. Yerli iqtisadi və sosial-mədəni inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsinin) tərkibində müvafiq ərazi vahidləri üçün ayırmalar nəzərdə tutulur. Dövlət büdcəsindən ayırmalara dair təkliflərin hazırlanması və istifadə edilməsi müvafiq icra hakimiyyəti başçısı tərəfindən həyata keçirilir. 2. Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən qəbul edilən qərar nəticəsində yerli gəlirlər azaldıqda və ya xərclər artdıqda çatışmayan maliyyə vəsaitləri Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi vəsaitləri hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir. Müvafiq büdcələrdən ayırmaların icrası zamanı əlavə olaraq əldə edilən gəlirlər, habelə gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində və ya xərclərin qənaəti nəticəsində yaranan gəlirlərin xərclərdən artıq olan məbləğləri, qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyətlərinin sərəncamında qalır və bundan onların öz mülahizəsinə əsasən müvafiq ərazilərin tələbatının ödənilməsi üçün istifadə edilir. Maddə 24. Məqsədli fondlar 1. Yerli icra hakimiyyəti başçıları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yarada bilərlər. 2. Məqsədli fondların vəsaitləri qanunvericiliklə müəyyən edilmiş qaydada bank idarələrində saxlanılır və müəyyən edilmiş məqsədlər üçün, qanunvericiliyə uyğun olaraq, yerli icra hakimiyyəti başçıları tərəfindən istifadə edilir. V. Yerli İcra hakimiyyəti başçılarının səlahiyyətləri Maddə 25. Rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının planlaşdırma, büdcə, maliyyə və uçot sahəsində səlahiyyətləri İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun sosial-iqtisadi inkişaf və ekoloji proqramların hazırlanmasını təşkil etmək və təsdiq etmək, büdcənin formalaşmasına dair müəyyən edilmiş qaydada təkliflər vermək, onların icra olunmasını təşkil etmək, bu haqda hesabatlar vermək; rayonun (şəhərin) planlaşdırılması sxemini və layihəsini təsdiq etmək; 2) iqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, pul, əhalinin gəlirləri, əmək ehtiyatları, torpaq və digər balansların hazırlanmasını təşkil etmək; 3) qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan müəssisə, idarə və təşkilatlarda uçotun və hesabatın vəziyyətinə cari nəzarət etmək, dövlət statistika orqanlarının işinə kömək göstərmək; 4) məqsədli proqramların maliyyələşdirilməsi üçün fondlar təşkil etmək və onlardan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; 5) tabeliyində olmayan müəssisələr tərəfindən müqavilə əsasında ərzaq və qeyri-ərzaq, digər gündəlik tələbat mallarının istehsalını, əhaliyə xidmətlərin göstərilməsini, habelə sosial və istehsal infrastrukturun tikintisini və rekonstruksiyasını təşkil etmək; 7) təbii fəlakətlərdən, habelə başqa qəzalardan zərər çəkmiş vətəndaşlara lazımi yardımın göstərilməsini təşkil etmək; 8) rayonun, şəhərin və şəhər rayonunun iqtisadi və sosial-mədəni inkişafını təmin etmək məqsədi ilə kredit vəsaitlərindən istifadə etmək; 9) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Maddə 26. Yerli icra hakimiyyətlərinin sərəncamına verilmiş əmlak barəsində, rayonun, şəhərin və şəhər rayonunun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlarla münasibətdə rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının səlahiyyətləri 1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun icra hakimiyyəti orqanının sərəncamında olan əmlaka münasibətdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi hərəkətlər etmək, barəsində sərəncam vermək, tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərini, əgər digər qayda nəzərdə tutulmamışsa, qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin etmək və vəzifədən azad etmək, onların işləri barədə məlumatlarını dinləmək; müəyyən edilmiş qaydada müəssisə, idarə və təşkilatlar yaratmaq; 2) sahibkarlığın və kəndli (fermer) təsərrüfatlarının yaradılmasına və fəaliyyət göstərməsinə kömək göstərmək; 3) tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirmək, onların yerləşdirilməsi, ixtisaslaşdırılması və inkişaf məsələlərini həll etmək; 4) şəxsi daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçiliyə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) vermək. 5) tabeliyində olmayan müəssisələrlə, idarələrlə və təşkilatlarla, habelə vətəndaşlarla işlərin (xidmətlərin) yerinə yetirilməsi haqqında müqavilələr bağlamaq; 6) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 2. Bu maddənin 1-ci hissəsinin 4-cü bəndində müəyyən edilmiş səlahiyyətli rayon və şəhər (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə 27. Memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması sahəsində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının səlahiyyətləri: İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərsalma və memarlıq məsələləri ilə məşğul olan bölmələri (idarələri, şöbələri) yaratmaq və fəaliyyətini təşkil etmək; 2) öz səlahiyyətləri hüdudlarında mövcud qaydalar əsasında təsdiq edilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək; 3) memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək; 4) qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə öz səlahiyyətləri hüdudlarında razılıq vermək; 5) tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri öz səlahiyyətləri hüdudlarında təsdiq etmək; 6) qanunla müəyyən edilmiş subyektlərə tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müəyyən edilmiş qaydada icazə vermək və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işləri görən subyektlərə abidələrin qorunması barədə göstərişlər vermək; 7) yerli əhəmiyyətli abidələrin köçürülməsinə müəyyən edilmiş qaydada icazə vermək; 8) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Maddə 28. Kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri 1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; 2) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq; 3) müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək; 4) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək; 5) müvafiq ərazidə gigiyena və sanitariya-epidemiologiya tədbirlərinin həyata keçirilməsini təşkil etmək, habelə sanitariya və gigiyena qaydalarına, normalarına riayət olunmasını təmin etmək; 6) ekoloji proqramlar hazırlamaq və təsdiq etmək, respublika ekoloji proqramlarının və tədbirlərinin keçirilməsində iştirak etmək, rayonun, şəhərin və şəhər rayonunun ərazisində ətraf mühitin mühafizəsini təşkil etmək; layihələrin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması və ya rekonstruksiyası haqqında qanunvericiliyə uyğun tədbirlər görmək; 7) ekoloji şərait barəsində əhaliyə məlumat vermək, təbii fəlakət və qəza baş verdikdə əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər görmək; 8) baytarlıq təbabəti sahəsində qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyətlərinin baytarlıq təbabəti xidmətinin müəssisə, idarə və təşkilatlarını yaratmaq, onların fəaliyyətini təşkil etmək və onlara rəhbərliyi həyata keçirmək, baytarlıq təbabəti sahəsində fəaliyyət göstərən dövlət orqanları və digər qurumlarla qarşılıqlı fəaliyyəti təmin etmək, müəyyən edilmiş hallarda və qaydada epizootiya əleyhinə fövqəladə komissiya yaratmaq; 9) meliorasiya və irriqasiya sahəsində respublika proqramlarına uyğun olaraq rayon (şəhər ərazisi) üçün meliorasiya və irriqasiya sahəsində proqramları hazırlamaq, təsdiq etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsi ilə rayon (şəhər) ərazisində həyata keçirilən meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsində iştirak etmək, rayon (şəhər) ərazisində təbii fəlakət nəticəsində zədələnmiş və ya dağılmış meliorasiya və irriqasiya sistemlərinin bərpa olunması işlərini təşkil etmək; 10) qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək keyfiyyətli toxumlar yetişdirməyə əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədi ilə dövlət toxumçuluq xidməti orqanlarına toxum istehsalı üzrə qapalı rayonlar müəyyən edilə bilməsinə razılıq vermək; yerli toxum fonduna toxum tədarükünü toxumçuluq subyektləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirmək; yerli toxum fondlarına sifariş vermək; 11) qanunvericiliklə müəyyən edilmiş qaydada su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görmək; 12) qanunda nəzərdə tutulmuş hallarda və qaydada cərimələrin qoyulması haqqında qərarlar qəbul etmək; 13) qanunla müəyyən edilmiş qaydada məhkəmədən kənar torpaq münasibətlərini həll etmək.»; 14) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 2. Bu maddənin 1-ci hissəsinin 8-ci və 9-cu bəndlərində nəzərdə tutulmuş səlahiyyətləri rayon və şəhər icra hakimiyyəti orqanları həyata keçirirlər. 3. Qanunvericiliyə müvafiq olaraq yerli toxum fondları müvafiq yerli icra hakimiyyəti başçılarının sərəncamında olur. Maddə 29. Qaçqınlar və məcburi köçkünlərə münasibətdə rayon və şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq ərazidə uyğun dövlət orqanları ilə birlikdə qaçqınlara və məcburi köçkünlərə lazımi kömək göstərmək; 2) öz vəsaitləri və könüllü qaydada cəlb edilmiş vəsaitlər hesabına qaçqınlara və məcburi köçkünlərə əlavə yardımlar göstərmək; 3) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Maddə 30. Yaşayış məntəqələrində küçə və meydanlara ad verilməsi sahəsində rayon və şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri
|