|
1968-ci ildə Sumqayıtın mədəni həyatında daha bir yenilik baş verdi. Görkəmli teatr xadimi, rejissor Hüseyn Ərəblinskinin adını daşıyan Sumqayıt dövlət dram teatrı yarandı. 14 mart 1969-cu ildə M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin tamaşası ilə teatrın açılışı oldu. Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. M. Lermontovun “Maskarad” , N.B.Vəzirovun “Müsibəti Fəxrəddin”, İ. Ştokun “İlahi komediya” və s. Teatrın səhnəsində məharətlə oynanılmışdır. Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına Ümumittifaq baxışın diplomuna layiq görülmüşdür. Teatrda bir müddət xalq artistləri – Rza Əfqanlı, Barat Şakinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradov, Kazım Abdullayev respublikanın tanınmış incəsənət xadimləridir.
|