ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Beynəlxalq Əlaqələr

1. Lüdviqshafen, Almaniya Federativ Respublikası

1977-ci ildə iki şəhər arasında əlaqələrin əsası qoyulmuşdur. 1987-ci ildə şəhərlər arasında partnyorluq əlaqələrinin qurulmasına dair Saziş imzalanmışdır. 2007-ci ildə iki şəhər arasında əlaqələrin qurulmasının 30 illik yubileyi qeyd olunur. 1997-ci ildə şəhərlər arasında dostluq əlaqələrinin 20 illik yubileyi münasibətilə Sumqayıtda Lüdviqshafen şəhəri adına park, Lüdviqshafendə isə Sumqayıt şəhəri adına xiyaban açılmışdır. 2002-ci ildə dostluq əlaqələrinin 25, partynorluq əlaqələrinin 15 illiyi ilə əlaqədar hər iki şəhərdə tənətənəli yubiley tədbirləri təşkil olunmuşdur.

2002-ci ilin iyul ayında Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilən və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunan “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində Sumqayıt və Lüdviqshafen şəhərlərinin iştirakı haqqında Saziş imzalanmışdır. Bu Sazişə əsasən 2002-ci ildən etibarən Sumqayıtda Lüdviqshafen şəhərinin mütəxəssislərinin iştirakı ilə 18 layihə həyata keçirilmişdir. Ötən müddət ərzində şəhərlərin 1200-dən çox sakinini özündə birləşdirən 60-a yaxın nümayəndə heyəti qarşılıqlı səfər etmişlər.

Lüdviqshafen şəhəri ilə Sumqayışəhəri arasında dostluq əlaqələrinin 30, partynroluq əlaqələrinin 20 illiyi münasibətilə 2007-ci ilin 3-7 may tarixlərində Sumqayıt şəhərində təntənəli yubiley tədbirləri keçirilmişdir. 2007-ci ilin 26-30 oktyabr tarixlərində Lüdviqshafen şəhərində təşkil olunmuş yubiley tədbirlərində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin rəhbərlik etdiyi 15 nəfərlik nümayəndə heyətinin iştirak etmişdir.

2. Cu Cou, Çin Xalq Respublikası

Azərbaycan Respublikası Dostluq Cəmiyyətinin və Çin Xalq Respublikasının Xarici Ölkələrlə Əlaqələr üzrə Şöbəsinin təşəbbüsü ilə, eləcə də Çin Xalq Respublikasının Bakıdakı və Azərbaycan Respublikasının Pekindəki səfirliklərinin köməkliyi ilə 2001-ci ilin may ayının 25-də Cucou şəhərinin nümayəndə heyətinin Sumqayıt şəhərinə səfəri zamanı iki şəhər arasında dostluq əlaqələrinin qurulmasına dair Memorandum imzalanmışdır.

Ötən müddət ərzində 4 qarşılıqlı səfər təşkil olunmuşdur. 2001-ci ilin noyabr ayında Sumqayıt şəhərinin nümayəndə heyətinin Cucouya səfəri çərçivəsində noyabrın 3-də tərəflər arasında “Niyyət Protokolu” imzalanmışdır. Nəhayət, 2002-ci ilin oktyabr-noyabr aylarında mətni yazışma yolu ilə razılaşdırılaraq Sumqayıt şəhəri ilə Cucou şəhəri arasında əməkdaşlıq əlaqələrinin yaranması və inkişaf etdirilməsi haqqında uzunmüddətli Saziş imzalanmışdır.

2003-cü ilin noyabr ayında Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Tariyel Hacıyevin, 2006-cı ilin sentyabr ayında isə Sumqayıt şəhər MKTİİB-in rəisi Təvəkgül Məmmədovun rəhbərlik etdikləri nümayəndə heyətləri Cucouya səfər edərək qarşılıqlı əlaqələrin inkişafına dair danışıqlar aparmışlar.

3. Çerkassı, Ukrayna Respublikası

SSRİ dövründə qardaşlaşmış şəhərlər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Ukraynanın Çerkassı şəhəri arasında dostluq və partnyorluq əlaqələrinin bərpasına 2003-cü ilin sentyabr ayında Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Akif Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çerkassıya səfəri zamanı nail olunmuşdur. 2004-cü ilin may ayında Çerkassı şəhərinin yaranmasının 718-ci ildönümündə iştirak edən Sumqayıt şəhərinin nümayəndə heyəti qarşılıqlı əlaqələrin inkişafına dair danışıqlar aparmışdır. Həmin ilin iyul ayında Çerkassı şəhər İcraiyyə Komitəsinin Daxili Siyasət Şöbəsinin rəisi Svetlana Slodzikin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt şəhərinə səfər edərək şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev tərəfindən qəbul edilmiş, həmçinin Sumqayıtın müəssisə və təşkilatları ilə tanış olmuşlar.

Tərəflər arasında son səfər cari ilin 15-17 sentyabr tarixlərində reallaşdırılmışdır. Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Akif Quluyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çerkassı şəhərinin yaranmasının 721-ci ildönümü münasibətilə təşkil olunan bayram tədbirlərində iştirak etmiş, şəhər rəhbərliyi ilə görüşlər keçirmişdir.

4. Bari, İtaliya Respublikası

2004-cü ildə Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə Bari şəhəri ilə danışıqlar aparılmış və bu danışıqların nəticəsi olaraq, həmin ilin may ayında Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfər etmişdir. Səfər çərçivəsində çirkab suların təmizlənməsi üzrə ixtisaslaşan “Lombardi Ekologiya”, tikinti işlərində istifadə olunan dekorativ məhsullar istehsal edən “So.Me.Ci” şirkəti ilə, eləcə də Bari əyalətinin Sənayeçilər Assosiasiyasında görüşlər keçirilmiş və işgüzar danışıqlar aparılmışdır. Daha sonra may ayının 21-də Bari meriyasında şəhər meri Simone Kaqno Abreşia ilə görüş keçirildi və iki şəhər arasında Niyyət Protokolu imzalandı. Niyyət Protokolundə tərəflər arasında yerli idarəetmə, mədəniyyət və elm, gənclər siyasəti sahəsində mübadilənin aparılması, ticarət və turizmin təşviqi, biznes və sahibkarlıq əlaqələrinin qurulması məsələləri qeyd olunmuşdur.

Bu səfərdən sonra Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən Bari şəhər meriyasına dəvət məktubu göndərilsə də, müəyyən səbəblərdən dəvət məktubuna cavab verilməmişdir. Lakin 2006-cı ildə danışıqlar yenidən sürətləndirilmiş və 17 may 2006-cı ildə Azərbaycanın İtaliyadakı səfiri cənab Emil Kərimovun Bariyə səfəri zamanı şəhər meri Mikele Emiliano ilə keçirilmiş görüşdə Sumqayıt-Bari əlaqələri bir daha müzakirə olunmuşdur. Görüşdə merin Sumqayıta səfəri bir daha müzakirə olunmuş və 15 iyun 2006-cı ildə cənab Mikele Emiliano tərəfindən Emil Kərimova ünvanlanmış məktubda dəvətin məmnuniyyətlə qəbul edildiyi və səfərin vaxtı ilə əlaqədar şəhər merinin beynəlxalq əlaqələr üzrə müşaviri cənab Vito Leççezenin Sumqayıt şəhər İcra hakimiyyəti ilə əlaqə saxlayacağı bildirilmişdir. Bundan başqa cari ilin fevral ayında Bari şəhər merinə göndərilmiş məktubla cənab Emiliano 3-7 may tarixlərində təşkil olunmuş Sumqayıt şəhəri ilə Lüdviqshafen şəhərləri arasında dostluq əlaqələrinin yubiley tədbirlərinə dəvət olunmuşdur. Dəvət məktubuna cavab verilməmişdir.

5. Ceyhan, Türkiyə Cümhuriyyəti

2005-ci ildə Ceyhan bələdiyyəsinin başqanının rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıta səfəri çərçivəsində iki şəhər arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Ötən müddət ərzində şəhər rəhbərləri tərəfindən qarşılıqlı dəvət məktubları göndərilsə də, səfər tarixləri barədə hələ də razılığa gəlinməmişdir.

6. Rustavi, Gürcüstan Respublikası

Sumqayıt şəhəri ilə Rustavi şəhəri arasında əlaqələrin əsası 1950-60-cı illərdə qoyulmuşdur. 2007-ci ilin iyun ayının 22-də Kvemo-Kartli Quberniyasının nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyev və Rustavi şəhərinin meri cənab Davit Nadaşvili tərəfindən şəhərlər araslnda qardaşlıq əlaqələrinin bərpasına dair Saziş imzalanmışdır.

7.Moqilyov, Belarus Respublikası

26 yanvar 2004-cü ildə Azərbaycan Respublikası Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən Sumqayıt şəhər İcra hakimiyyətinə ünvanlanmış məktubda Azərbaycan və Belarus Respublikaları arasında olan qarşılıqlı əlaqələrin genişləndirilməsi və Mogilyov şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun mövqeyinin möhkəmləndirilməsi baxımından Sumqayıt və Mogilyov şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması təklifi olunmuşdur. Həmin il Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə məktub ünvanlanaraq təklifin müsbət qarşılandığı qeyd olunmuş, həmçinin Sumqayıt və Mogilyov şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına dair Sazişin layihəsi tanışlıq üçün müqabil tərəfə göndərilmişdir.

2007-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Belarusdakı səfiri cənab Ə.Nağıyevin Mogilyov şəhərinə səfəri zamanı Sumqayıt şilə Mogilyov arasında əməkdaşlıq əlaqələrinin qurulması bir daha müzakirə olunmuş və Mogilyov şəhər İcraiyyə Komitəsinin sədri V.Şorikov danışıqların davam etdirilməsində maraqlı olduğunu bildirmişdir.

Danışıqların məntiqi davamı olaraq, 28 iyun-1 iyul 2007-ci il tarixdə Sumqayıt şəhərinin nümayəndə heyəti Mogilyov şəhərinin yaradılmasının 740 illik yubileyi münasibətilə təşkil olunmuş bayram tədbirlərində iştirak etmək üçün Belarus Respublikasına səfər etmişdir. Səfər çərçivəsində iyunun 29-da Mogilyov şəhərində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı və Mogilyov şəhər İcraiyyə Komitəsinin sədri tərəfindən Sumqayıt şəhəri ilə Mogilyov şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair Niyyət Protokolu imzalanmışdır. Bu sənədə əsasən cari il ərzində Mogilyov şəhər rəhbərliyinin Sumqayıta səfəri çərçivəsində şəhərlər arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əlaqələrin inkişafına dair Sazişin imzalanması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, Mogilyov şəhər rəhbərliyi Sumqayıt şəhəri ilə hərtərəfli əlaqələrin inkişafına böyük maraq göstərmiş və yaxın zamanlarda Azərbaycana səfər etmək istədiyini bildirmişdir.

8. Lints, Avstriya Respublikası

Azərbaycan Respublikasının Sumqayıt və Avstriyanın Lints şəhərləri arasında partnyorluq əlaqələrinin qrurulması ilə bağlı 2004-cü ildən etibarən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyinin vasitəçiliyi ilə tərəflər arasında danışıqlar aparılmış, qarşılıqlı məlumat mübadiləsi həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ölkəmizin Avstriyadakı Səfirliyi vasitəsilə Sumqayıt şəhəri ilə Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair aparılan danışıqların növbəti mərhələsi kimi cari ilin 15-19 sentyabr tarixlərində Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyaya səfər etmişdir. Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Fuad İsmayılovun və səfirliyin əməkdaşlarının da müşayiət etdiyi səfər çərçivəsində nümayəndə heyəti Lints şəhərinin meriyasında və şəhərin bir neçə müəssisə və təşkilatlarında olmuş, ikitərəfli əlaqələrin qurulması istiqamətində müzakirələr aparmışdır. Keçirilmiş görüşlər zamanı şəhərlər arasında mədəniyyət, səhiyyə, idman, turizm və iqtisadiyyat sahələrində qarşılıqlı əməkdaşlığın qurulması üçün böyük potensialın mövcud olduğu müəyyən edilmiş və danışıqların davam etdirilməsi qərara alınmışdır.

Xatırlatmaq istəyirəm ki, iki şəhər arasında tərəfdaşlıq əlaqələrinin qurulması məsələsi həmçinin Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyasının iclasları ilə tənzimlənir. Qarışıq Komissiyanın 4-cü iclasının Protokolunda şəhərlər arasında tərəfdaşlığa dair Niyyət Protokolunun imzalanması məsələsi öz əksini tapsa da, Lints şəhərinin rəhbərliyi səfər zamanı hər hansı sənədin imzalanmasını məqsədəuyğun hesab etmədiyini bildirmişdir.

9. Piteşti, Rumıniya Respublikası

Keçmiş İttifaq dövründə iki şəhər arasında qardaşlıq əlaqələri mövcud olmuşdur, hazırda bu əlaqələrin bərpası istiqamətində danışıqlar aparılır.

10. Aktau, Qazaxıstan Respublikası

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycanın Qazaxıstandakı Səfirliyi tərəfindən Sumqayıtla Aktau arasında əlaqələrin qurulması təklifi irəli sürülmüşdür. Hazırda danışıqlar aparılır.

11. <!-Genuya, İtaliya Respublikası

2007-ci ildə Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi bu təşəbbüslə çıxış etmişdir. Danışıqlar əsasında Genuya şəhərinin meri Sumqayıt şəhər İcra hakimiyyətinin başçısını İtaliyaya dəvət etmişdir. Səfərin tarixinin razılaşdırılması üzrə danışıqlar aparılır.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI